Logo

Azərbaycanın maliyyə sahəsində ilk- Beynəlxalq Maliyyə İnstitutu manatda istiqraz buraxır


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzunmüddətli sıx əməkdaşlığı nəticəsində onlardan birinin ölkədə ilk dəfə milli valyutada (manatda) istiqrazları emissiya ediləcək.

İqtisadiyyat.Az bu barədə Palataya istinadən xəbər verir. 

Məlumatda deyilir ki, MBNP iyulun 16-da Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyasını dövlət qeydiyyatına alıb. Bu rəqəmin ilin sonuna qədər 50 milyon manata çatdırılması nəzərdə tutulur. 

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də (BFB) yerləşdiriləcək. 

"Bu, ölkəmiz üçün əlamətdar hadisədir və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara olan inamın göstəricisidir. Bu həmçinin beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiya, əməkdaşlıq, Palata tərəfindən qabaqcıl beynəlxalq prinsiplər və standartların yerli qiymətli kağızlar bazarına tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir. Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar ölkədə sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcək", - deyə Palatanın açıqlamasında qeyd olunub. 

“Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarlarının inkişafı”na dair 2-ci strateji hədəfində emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühit yaradılması, listinqə çıxışı məhdudlaşdıran amillərin aradan qaldırılması, stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi və yeni listinq prosedurlarının hazırlanması müəyyən edilib. Qeyd edilən tədbirlərin icrası məqsədilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyasına qanunvericilikdə mane olan amillərin aradan qaldırılması üzrə MBNP “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliklər layihəsi hazırlayıb və həmin dəyişikliklər 1 fevral 2019-cu il tarixində qüvvəyə minib. Eyni zamanda beynəlxalq təşkilatlarının emissiyasının təşviq edilməsi məqsədilə BFB-nin listinq qaydalarına dəyişikliklər edilərək, beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun daha sadə listinq tələbləri müəyyən edilib. Həyata keçirilmiş tədbirlər beynəlxalq təşkilatların yerli qiymətli kağızlar bazarına olan marağını artırıb və əlavə stimullar formalaşdırıb.

QDTİB Qara dəniz ətrafı ölkələrinin regional inkişafı və əməkdaşlığına dəstək məqsədi ilə 1999-cu ildə yaradılıb. Azərbaycan da daxil olmaqla 11 ölkənin üzv olduğu təşkilatın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində iqtisadi tərəqqinin və regional əməkdaşlığın inkişafı məqsədilə üzv ölkələrdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, ticarətin və digər layihələrin dəstəklənməsi, müxtəlif təminatların verilməsi, həmçinin dövlət və özəl təşkilatların kapitalında iştiraka fokuslanıb. Bankın istiqrazların qısa müddətə yerləşdirilməsi, sözügedən təşkilat tərəfindən 2019-cu və 2020-ci illərdə daha böyük məbləğlərdə Azərbaycan qiymətli kağızları bazarında istiqraz emissiyası və cəlb olunmuş vəsaitlərin ölkədə sahibkarlığın inkişafına yönəldilməsi nəzərdə tutulub.

Bu sahədə Palata tərəfindən həyata keçirilən yeniliklərin davam etdirilməsi və yaxın gələcəkdə digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsi nəzərdə tutulur. 

Maliyyə,
17.07.2019 14:36 58
Teqlər: İqtisadiyyat, maliyyə, manat, istiqraz, bazar, nəzarət, palata, ilk, dəfə, Azərbaycan,