Logo

"Kimisi istəyər 10 manata satar, kimisi istəyər 100 manata satar"- Yayda canlanan bazar


İsti havalar əhalinin suya olan tələbatını artırıb. Daimi su verilişi təmin edilməyən qəsəbələrin sakinləri isə suyu həyətlərə gələn maşınlardan almağa məcburdur. Hazırda suyun 10 tonu 20-25 manata satılır. Maraqlıdır, həmin maşınlar hansı quruma tabedir yaxud əhaliyə satılan su hansı mənbədən götürülür?

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, yüzlərlə belə su maşını əhaliyə xidmət göstərir:

“Onların heç biri “Azərsu”nun balansında deyil, sadəcə VÖEN əsasında fəaliyyət göstərən kiçik sahibkarlardırlar. Yəni onların su alıb-satması qanunidir.  Onlar suyu bizdən alıb əhaliyə satırlar”.

A.Cəbrayıllının sözlərinə görə, su “Azərsu”dan alındıqdan sonra ona tətbiq edilən qiymətin müəyyən olunması sahibkarın səlahiyyətinə daxildir:

“Kimisi istəyər 10 manata satar, kimisi istəyər 100 manata satar, bizim onların qiymət siyasətinə qarışmaq səlahiyyətimiz yoxdur. Biz suyun 1 kubmetrini 1manata satırıq. Suyun miqdarı ilə bağlı isə hər hansı limit yoxdur. Tələbat nə qədərdirsə, biz onlara həmin miqdarda su satırıq”.

“Azərsu” rəsmisinin sözlərinə görə, maşınla su satışı əsasən, şəbəkə olmayan Bakıətrafı qəsəbələrdə-Türkan, Zirə, Şüvəlan, Mərdəkan, Bilgəhdə həyata keçirilir:

“Harada ki, su şəbəkəsi yoxdur, insanlar suyu maşınlardan alırlar. Suyun maşınla bölgələrə aparılması ilə bağlı məlumat yoxdur”.(modern.az)

Sosium,
11.07.2019 17:00 28
Teqlər: İqtisadiyyat, sosium, kamaz, maşın, ton, satış, yay, bazar, manat, açıqlama,