Logo

“Çingiz xanın dövrünə aid pullarım var” - MÜSAHİBƏ


Pul mübadilə vasitəsi olaraq ilk dəfə maldarlıqla məşğul olan tayfalarda meydana gəlib. Əvvəlcə pul kimi mis, tunc, qurğuşun, daha sonra isə gümüş və qızıldan  istifadə edilib. Zaman keçdikcə sikkələr meydana çıxıb. İlk sikkələr e.ə.VII əsrdə qədim Çində və qədim Lidiya dövlətində yaranıb. Kağız pullardan isə ilk dəfə XII əsrdə Çində istifadə edilib.

Hələ orta əsrlərdə insanlar arasında müxtəlif pulları kolleksiya etmək ənənəsi yaranıb. Hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda qədim pulları toplamaqla məşğul olan insanlar var. Ölkəmizdə belə insanlardan biri də Xaçmaz rayonunun Əbilyataq kənd sakini, 51 yaşlı pul kolleksiyaçısı Cəmil Ələburovdur.

İqtisadiyyat.Az onun "Report"a verdiyi müsahibəni təqdim edirik:

- Necə oldu ki, pul kolleksiyası yaratmaq qərarına gəldiniz?

- Uşaq yaşlarımdan rastıma çıxan köhnə qəpikləri yığırdım. İlk dəfə rastıma 19-cu əsrə aid pul çıxmışdı. Tədricən bu işə marağım artdıqca köhnə pulları axtarmağa başladım. O zaman dənizkənarı qumluq ərazilərdə qədimi pullar çox olurdu. Xüsusən, Xaçmaz yaxınlığında, dəniz kənarında əvvəllər liman olmuş Niyazabad adlanan ərazisi var. Bura qumluq və güclü külək olan bir ərazidir. Ehtimal edirəm ki, qədimdə həmin ərazidə bazar olub. Belə yerlərdə külək qumu sovurub aparandan sonra köhnə pullar üzə çıxırdı. Mən də dəniz kənarında bu pulları gördükcə toplamağa başladım. Pul toplamağa marağım artdıqca başqa ərazilərdə də axtarışlar aparmağı qərara aldım. Ötən əsrin 20-ci illərində Xaçmazda dəniz kənarında çoxlu balıq vətəgələri olan ərazilər olub. Həmin əraziləri axtardıqca müharibə illərinə aid xeyli sayda pullar tapdım. Həmçinin, SSRİ dağılandan sonra mənim özümdə o dövrə aid çoxlu pul qalmışdı. Dost-tanışlar da məndə bu işə maraq olduğunu gördükcə özlərində olan köhnə pulları gətirib mənə verdilər. Onların içində 1898-ci ildən tədavülə buraxılan, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid kağız pullar var idi. Beləliklə də, mənim bu günkü kolleksiyam formalaşdı.

- Kolleksiyanızda hansı pullar var?

- Kolleksiyam həm metal, həm də kağız pullardan ibarətdir. Metal pulların, təqribən, 100-dən çoxu 300 il, 200-dən çoxu isə 100 ildən yuxarı tarixə malik gümüş pullardır.

Sovet dönəmindən qalan kağız pulların sayı 100-ə yaxındır. Bir sözlə, kolleksiyamda 500-dən çox Monqollar, Şirvanşahlar dövrünə, I Pyotrun hakimiyyət illərinə, SSRİ dönəminə, Cümhuriyyət illərinə aid pullar, o cümlədən 1 ədəd 18-ci əsrə aid bürünc fransız jetonu, 10 ədəd 19-cu əsrin İspan qəpikləri mövcuddur. Hələ 100-dən çox qədimi pulu muzeylərə bağışlamışam.

Məndə yerli pullarla bərabər xarici dövlətlərə də məxsus köhnə pullar var. Gəmi kapitanı olan dostlarım var ki, xarici ölkələrə səfər etdikcə o ölkələrin dövriyyədən çıxarılan pullarını mənə gətirirlər.

Bu pulların hər biri mənim üçün çox dəyərlidi. Amma ən dəyərlisi, üzərində Moskva yazısı və Müqəddəs Georginin şəkli olan 1728-ci ilə aid puldur.

- Bu vaxta qədər tapdığınız ən qədim pul hansıdır?

- Kolleksiyamdakı ən qədim pul Çingiz xan dövrünə aid (13-cü əsr) iki ədəd gümüş sikkədir. Çox güman ki, bu pulları 13-cü əsrin 20-ci illərində Azərbaycana gələn monqol əsgərləri gətiriblər.

Topladığım kağız pullardan isə ən qədimi 1898-ci ildə tədavülə buraxılıb.

- Topladığınız pulların tarixi haqqında məlumatı necə əldə edirsiniz?

- Rusiyadakı dostlarımın vasitəsilə qədim rus əlifbasını öyrənmişəm. Odur ki, 18-ci əsrə aid rus pullarının üzərindəki yazıları özüm oxuya bilirəm. Bu yazılarda pulun hansı dövrdə buraxılması, hansı dövlətə məxsus olması və digər məlumatlar göstərilir. Ancaq Şirvanşahlar, Monqollar dövrünə aid pulların üzərini oxuya bilmirəm. Həmin pulların tarixini öyrənmək üçün o dövrə aid yazıları oxuya bilən adamlara müraciət edirəm.

Açığı desəm, tapdığım pulların tarixini dəqiqləşdirməkdə çox zaman çətinliklər yaşayıram. Buna görə də indiyə kimi kolleksiyamda elə pullar var ki, tarixini dəqiqləşdirə bilməmişəm. Məsələ burasındadır ki, onların üzrərində olan yazıları oxuya bilmirəm, Xaçmazdakı muzeylərdə də həmin yazıları oxuya biləcək adamlar yoxdur. Ona görə yalnız pulların üzərindəki şəkillərdən Şirvanşahlar dövrünə aid olduğunu bilirəm. Bir neçə dəfə olub ki, məcburiyyət qarşısında qalıb Bakıya getmişəm və bəzi tarixçilərlə görüşmüşəm. Amma əksəriyyəti mənə ögey münasibət göstəriblər. Bizim tarixçilərə qızıl pullar maraqlıdır, metal pullar yox. Muzey işçiləri də eyni etinasız münasibəti göstərirlər. Dəfələrlə olub ki, məndə sayca çox olan pullardan bir neçəsini aparıb muzeylərə bağışlamışam. Lakin özləri gəlib mənim kolleksiyamla maraqlanmırlar. Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin işçilərinə təklif etdim ki, mənim kolleksiyam üçün muzeydə bir guşə yaradın, sərgi təşkil edin. Mən də bu pulları evdə saxlamaqdansa muzeydə qoruyaram. Təəssüf hissi ilə demək istəyirəm ki, razılaşmadılar. Qısa olaraq deyim ki, bizdə nə tarixçilər, nə muzey əməkdaşları, nə də əhali bu işlə maraqlanır.

- Bu işdən maddi qazancınız olurmu?

- Mənim bu işdən heç bir qazancım yoxdur. Muzeylər qədimi pullara görə mənə pul vermirlər. İnsanlarda da elə bir maraq yoxdur ki, bu pulları alsınlar. Düzünü desəm, heç mənim də kolleksiyamı satmaq fikrim yoxdur. Amma kimsə hansısa qədimi pul ilə dəyişmək istəsə, özümdə sayca çox olan pulların bir neçəsi ilə dəyişə bilərəm. Hətta imkanım çatsa məndə olmayan pulları satın da alaram.

- Əldə etdiyiniz tarixi pulların gələcək nəsillərə çatması üçün nə etməyi düşünürsünüz?

- Bəzən olur ki, kolleksiyamdakı pullardan yaxın adamlara, qohumlara, dostlara bağışlayıram. İstəyirəm ki, onlarda da bu işə maraq yaransın. Artıq 8 yaşlı oğlumda bu işə qarşı maraq oyada bilmişəm. İstəyirəm ki, məndən sonra o mənim kolleksiyama sahib çıxsın və daha da genişləndirsin. Yox, əgər görsəm ki, zaman keçdikcə onun bu işə həvəsi azalır, pulların hamısını muzeyə bağışlayacam.

Bilirsiniz, Xaçmada bu işlə məşğul olan, mən də daxil, təxminən, 3-4 nəfər olmalıdır. Qədim pulların yığılması həm də tarixi irsin yaşadılmasıdır. Buna görə bu cür insanların dövlət tərəfindən həvəsləndirilməsi çox vacibdir. Təklif edərdim ki, muzeylərin nəzdində bu şəxslər üçün maliyyə fondları yaradılsın və onlara qədimi pulların müqabilində müəyyən ödənişlər edilsin.

Müsahibə,
10.07.2019 12:46 107
Teqlər: İqtisadiyyat, müsahibə, pul, sikkə, əskinas, qədim, dövr, xan, kolleksiya, həvəskar, müsahib, kağız, dəmir, mis, metal,