Logo

Azərbaycanın mənzil bazarı bahalaşma ilə üz-üzə - Səbəb isə İrandır


Mayın 8-i ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyalar tətbiq etdi. Yeni sanksiyalara əsasən İranın metallurgiya məhsullarının ixracatına məhdudiyyətlər qoyulub. Metallurgiya məhsulları-armatur, aliminium, polad və.s İranın qeyri-neft sektorundakı istehsalatının əsası olmaqla, ixracatın 10%-i təşkil edir. Trampın tətbiq etdiyi yeni sanksiyalar, həm İranın yerli şirkətlərini, həm də bu ölkədən sözügedən məhsulları idxal edən, daşıyan və hətta bu prosesə dəstək olan bütün şirkətləri əhatə edir. Fərmana əsasən əgər 90 gün ərzində xarici şirkətlər İranın metallurgiya şirkətləri ilə ticarət əlaqələrini və digər işgüzar münasibətləri dayandırmasalar onlar ABŞ-ın sanksiyaları altına düşəcəklər. Belə şirkətlərin aktivlərinin ABŞ Maliyyə Nazirliyi tərəfindən dondurulması, onların bank əməliyyatlarına qadağa qoyulması nəzərdə tutulur. Bəs islam respublikasının metal ixracatına tətbiq olunan sanksiyalar Azərbaycanın mənzil bazarına necə təsir edəcək?

Mövzu barədə İqtisadiyyat.Az-a danışan daşınmaz əmlak üzrə iqtisadçı ekspert Rəşad Əliyev, sanksiyaların ölkənin mənzil bazarına ciddi təsir etməyəcəyini bildirib.

“Metallurgiya sahəsiİranın ixracatının 10%-i təşkil edir. ABŞ-ın İranın metallurgiya ixracatına məhdudiyyətlər qoymasının Azərbaycan iqtisadiyyatına, o cümlədən, mənzil bazarına hər hansı ciddi təsir edəcəyini gözləmirəm. Bunun bir sıra obyektiv səbəbləri var. Əvvəla İrandan gətirilən armaturlara gömrük rüsumlarının qaldırılması ilə bağlı onsuz da tədbir görülmüşdü. Bu da İran armaturlarının qiymətlərinin artmasına nisbətən təsir etmişdi. Amma ən əsası odur ki, İran armaturlarının mənzil inşaat sektorunda, bina tikintisində istifadə olunmasına məhdudiyyət var. Demək olar ki, tikintidə istifadə olunmur. Ona görə də sanksiyaların ölkənin mənzil bazarına təsirindən danışmağa dəyməz”.

Ekspertin sözlərinə görə, sanksiyalara rəğmən bəzi sahibkarlar həmin məhsulları ölkəyə gətirməkdə davam edəcəklər: “Sanksiyalar tətbiq olunsa da, o demək deyil ki, İran armaturları Azərbaycan bazarlarına gəlib çıxmayacaq. Hansı sahibkarlar ki sanksiyaya düşüblər, sanksiyadan qorxurlar bu cür əməliyyatları həyata keirməyəcəklər. Ancaq yenə də elə sahibkarlar olacaq ki, sanksiyalara məhəl qoymayıb İran armaturlarını gətirməkdə davam edəcəklər”.

Qeyd edək ki, Azərbaycan da İrandan metallurgiya məhsulları- armatur, mis, polad, aliminium və.s idxal edir. Ötən ilin 9 ayı ərzindən cənub qonşumuzdan 120 min ton artmatur idxal olunması yerli istehsalçıların narazılığına səbəb olmuşdu. Buna görə də ölkəyə gətirilən İran armaturlarının gömrük rüsumuna cəlb olunan hər bir tonunun dəyəri 200 dollardan 500 dollara qaldırıldı. Buna baxmayaraq, miqdar azalsa da idxalat hələ də davam edir.

 

Mehman Nəbiyev

Əmlak,
15.05.2019 14:26 262
Teqlər: İqtisadiyyat, əmlak, mənzil, tikinti, sanksiya, bahalıq, qiymət, sanksiya, armatur, ekspert, açıqlama,