Logo

“Ölkədə işsizlik minimum deyil ki, Rusiyadan gələnləri də təmin edək”-ŞƏRH


Son günlər Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova növbəti dəfə anti-Azərbaycan bəyanatı ilə vətəndaşlarının Azərbaycana gedərkən müəyyən riskləri nəzərə almasını tövsiyə etməsi aktual məsələyə çevrilib. Bəyanatda deyilir ki, “Azərbaycan erməni əsilli vətəndaşlarımızı ölkəsinə buraxmır. Dəfələrlə bu barədə müraciət etsək də Azərbaycan tərəfi buna məhəl qoymur”.

Məlumdur ki, 3 milyondan çox azərbaycanlı Rusiyada yaşayır və ya işləyib ailəsinə pul göndərir. Bu da yəqinliklə ölkədə iş yeri çatışmazlığından irəli gəlir. Rusiya tərəfinin bu bəyanatından sonra isə iki ölkə arasında iqtisadi, siyasi əlaqələrin növbəti mərhələləri narahatlıq doğurur.Mövzunu iqtisadçı ekspert Günay Hüseynova İqtisadiyyat.az- a şərh edib.

“Ötən ilin statistikasına əsasən Rusiyada 3 milyondan çox azərbaycanlı yaşayır. Qeyri-statistik məlumatlara görə isə, təkcə Moskva əhalisinin 14%-i azərbaycanlılardır. Ancaq həmyerlilərimiz Rusiyanın xarici və daxili siyasətində, parlamentdə yetərli səviyyədə təmsil oluna bilmirlər. Orada yaşayan həmyerlilərimiz pul qazanmağa daha çox can atdıqları üçün seçkilərə maraq göstərmirlər. Sözsüz ki, ən dinamik diasporamız elə şimal qonşumuzdadır. Bu vaxta qədər Rusiya ilə heç bir problemimiz olmayıb. Azərbaycanda istehsal olunan məhsulların bir hissəsi, əsasən də kənd təsərrüfatı malları Rusiyaya ixrac olunur. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanı dəfələrlə görmüşük ki, ermənipərəst çıxışlar edir. Bəzi iqtisadçılar, siyasətçilər bunun din məsələsi ilə bağlı olduğunu deyirlər. Ancaq din məsələsi ruslar üçün ən sonda dayanır. Rusiya XİN-in sözçüsünün bəyanatı, orada işləyib ailəsinə pul göndərən on minlərlə həmyerlimizi narahat edir. Azərbaycanın özündə isə işsizlik minimum səviyyədə deyil ki, biz Rusiyadakı azərbaycanlıları qəbul edib onları işlə təmin edək. İnanmıram ki, xarici işlər nazirliyinin bu bəyanatından sonra Rusiyada yaşayan azərbaycanlılar geri dönsünlər. Azərbaycan hökuməti xarici ölkələrlə ticari, iqtisadi və siyasi əlaqələrdə humanitar addımlar atır və lazımi cavablar verir”.

Mehman Nəbiyev

Sosium,
14.03.2019 12:21 853
Teqlər: sosium, İqtisadiyyat.Az, işsizlik,