Əfqanıstan İslam Əmirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Kabildəki səfirliyinin fəaliyyətini təmin etməyə hazırdır.
İqtisadiyyat.az xəbər verir ki, bunu "CBC Azərbaycan" televiziya kanalına eksklüziv müsahibəsində Taliban hərəkatının mətbuat katibi Zəbihullah Mücahid deyib:
“Biz Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasına yüz faiz hazırıq. Bunun üçün münasibətləri bərpa edərək müvafiq işləri görə bilərik. Həmçinin öz növbəmizdə biz də Azərbaycanda təmsilçilərimizin olmasını istərdik”, - Talibanın rəsmi nümayəndəsi vurğulayıb.
Z.Mücahid Əfqanıstan İslam Əmirliyinin ərazi bütövlüyü məsələsində Azərbaycanı dəstəklədiyini bəyan edib:
“İlk növbədə demək istəyirəm ki, biz həmişə bütün ölkələrin bir-birinin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşmasını müdafiə etmişik və indi də bu belədir. Ərazi bütövlüyü məsələsi Əfqanıstan üçün son dərəcə vacib mövzudur. Hesab edirəm ki, bu, Azərbaycan üçün də bir o qədər vacibdir. Biz Azərbaycanın ərazi bütövlüyünə dəstəyimizi ifadə edirik”, - Talibanın rəsmi nümayəndəsi vurğulayıb.