Logo

Bakı-Şamaxı-Yevlax avtomagistralında sürət həddi artırıldı


Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol nişanları 110 km/saat yol nişanları ilə əvəz edilir.

Bu barədə İqtisadiyyat.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Məlumata görə, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar olaraq yol nişanlarının quraşdırılması işlərinə başlanılıb.

Sözügedən işlər fevralın 12-də, axşam saatlarında yekunlaşdırılacaq. Bu səbəbdən sürücülərdən işlərin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

11.02.2019 15:01 182
Digər, Nəqliyyat,